Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2020 14:28
  • A-
  • A
  • A+

MEK-də Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib

MEK-də Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib

Fevralın 13-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova bildirib ki, hər il bir deviz altında qeyd olunan bu əlamətdar günün 2020-ci ildə əsas şüarı “Kitaba məhəbbəti paylaş”dır. O, rəhbərlik etdiyi müəssisədə informasiyanın düzgün toplanılması, sistemləşdirilməsi və kitabxana istifadəçilərinin sorğularına uyğun şəkildə təqdim edilməsi, o cümlədən fondların zənginləşdirilərək oxucuların ixtiyarına verilməsi istiqamətində görülən işlərdən danışıb. MEK-in elektron kataloqu, Milli Rəqəmsal Yaddaş Bazası, kolleksiyaları və qurumda mühafizə olunan nəşrlər barədə məlumat verən direktor ötən il Vikipediyada ölkəmizlə bağlı 154 min məlumatın yerləşdirildiyini bildirib.

L.İmanova 2019-cu ildə kitabxanaya 50 minə yaxın nəşrin hədiyyə olunduğunu, MEK tərəfindən isə 11 mindən çox vəsaitin müxtəlif təşkilat və qurumlara bağışlandığını diqqətə çatdırıb.

Sonra MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova təqdimatla çıxış edərək Beynəlxalq Kitab Bağışlama Gününün 2012-ci ildən etibarən qeyd olunduğunu, kitabxananın bu əlamətdar tədbirə qoşularaq respublikanın orta məktəblərinə nəşrlər hədiyyə etdiyini bildirib.

Tədbir çərçivəsində, həmçinin Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov tərəfindən orijinaldan Azərbaycan dilinə ilk dəfə tərcümə olunan və MEK-ə hədiyyə edilən “Tövrat”ın təqdimatı da keçirilib.

T.Sadıqov tərcümə zamanı yəhudi alimlərinin, ravvinlərinin fikirlərindən istifadə olunduğunu, “Tövrat”ın digər dillərdəki nüsxələri ilə müqayisələrin aparıldığını deyib. O, akademik səviyyədə yerinə yetirilən tərcümə üzərində beş il işlədiyini və nəşrin Azərbaycan şərqşünaslıq elmində yeni müqayisəli mövzuların, eləcə də tədqiqat işlərinin ərsəyə gəlməsinə təkan verəcəyini söyləyib.

Mərasimdə, həmçinin Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, professor Qəzənfər Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq ənənələri və multikultural dəyərlərdən danışıb, müxtəlif xalqların nümayəndələrinin ölkəmizdə birgə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, öz adət-ənənələrini qoruyub saxladıqlarını söyləyiblər. Çıxış edənlər “Tövrat”ın tərcüməsinin ölkəmizdəki multikultural və tolerantlıq ənənələrinə mühüm töhfə verəcəyini bildiriblər.

Sonda tədbirin iştirakçılarına MEK tərəfindən kitablar hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: