Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Yaqub Mahmudov “Dostluq” medalı ilə təltif olunub
11.12.2019 12:26
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudov “Dostluq” medalı ilə təltif olunub

Dekabrın 11-də AMEA-nın Əsas binasında Tarix İnstitutunun və Alman-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tarixin izi ilə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” müvafiq Sərəncamına əsasən baş tutan tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, Almaniya və Gürcüstandan olan alimlər də iştirak ediblər.

Əvvəlcə Tarix İnstitutunun almanların Azərbaycanda məskunlaşma tarixi ilə bağlı nəşr etdirdiyi kitabların sərgisinə baxış olub.

Tədbiri müəssisənin direktoru, akademik Yaqub Mahmudov açaraq Azərbaycanın Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simens qardaşlarının respublikamızdakı fəaliyyəti barədə məlumat verib. Bildirib ki, iki ölkə arasında dostluq əlaqələrinin təməli Ağqoyunlu dövlətinin vaxtında qoyulub və Səfəvilər İmperiyasının mövcudluğu zamanı Şah İsmayıl Xətai və onun xələfləri tərəfindən davam etdirilib. XVII əsrdə məşhur alman səyyahı Adam Olearinin Azərbaycana səfər etdiyini və yol qeydləri əsasında “Səyahətnamə” kitabını çap etdirdiyini xatırladan akademik sözügedən nəşrdə ölkəmizlə bağlı maraqlı tarixi faktların yer aldığını söyləyib.

Y.Mahmudov alman koloniyalarının ölkəmizdə bir çox sahədə olduğu kimi, əlvan metallurgiyanın da inkişafına ciddi təsir göstərdiklərini, nəticədə Simens qardaşlarına məxsus Gədəbəy misəritmə zavodunun nəinki Çar Rusiyasında, eyni zamanda Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.

Y.Mahmudov Prezident İlham Əliyevin almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi ilə bağlı imzaladığı Sərəncam çərçivəsində silsilə tədbirlərin keçirildiyini xatırladıb, həmçinin Almaniya arxivlərindən ölkəmizə dair bir sıra tarixi sənədlərin kataloqlarının gətirildiyini bildirib.

Sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, almaniyalı professor Oskar Valter, gürcü alim Simon Kopadze və digərləri çıxış edərək iki ölkə arasında əlaqələrin və münasibətlərin dərin köklərə malik olduğunu söyləyiblər.

Daha sonra Ç.Abdullayev Azərbaycan-Almaniya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyətinin “Dostluq” medalını Yaqub Mahmudova təqdim edib. Bundan əlavə, Oskar Valter və Mais Əmrahov cəmiyyətin “Körpü” diplomu ilə təltif olunublar.

Sonda yazıçı Orxan Arasın “Mavi gözlərin eşqi” və alimlər Çingiz Abdullayev, Abbas Seyidov və Həcər Verdiyevanın “Azərbaycandakı almanlar: naməlum səhifələr...” kitablarının təqdimatı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: