www.science.az
25.11.2019 11:08

AMEA-nın müxbir üzvü Məsumə Məlikovanın 90 yaşı tamam olub

Noyabrın 22-də Azərbaycanın Əməkdar hüquqşünası, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məlikovanın 90 yaşı tamam olub.

Məsumə Fazil qızı Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. O, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) Hüquq fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra ADU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim, daha sonra baş müəllim, 1960-1968-ci illərdə isə dosent vəzifələrində çalışıb. Alim 1968-ci ildən indiyədək BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasına rəhbərlik edir.

M.Məlikova 1958-ci ildə “M.F.Axundovun ictimai-siyasi baxışları” mövzusunda namizədlik, 1973-cü ildə isə “XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1974-cü ildə professor elmi adını alıb. O, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilib.

Alimin elmi fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin - siyasi və hüquqi təlimlər tarixinin və dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilib. Prof. M.Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir. O, Azərbaycanda ilk dəfə olaraq milli siyasi və hüquqi fikir tarixinin öyrənilməsinin əsasını qoyub, hüqüqşünaslıqda yeni bir istiqamət yaradıb.

Məsumə xanımın elmi və pedaqoji fəaliyyəti bir-biri ilə vəhdət təşkil edir. O, ölkəmizdə yüksəkixtisaslı kadr potensialının formalaşmasında, hüquq elminin dərinliklərinə bələd olan yeni mütəxəssislərin yetişdirilməsində əvəzsiz xidmətlər göstərib. Alimin yetişdirdiyi peşəkar kadrlar hüquq elmimizin inkişafına, həm də müstəqil Azərbayanda hüquqi dövlət quruculuğu prosesinə öz töhfələrini verməkdədirlər. Onun elmi rəhbərliyi ilə 35-dən artıq namizədlik, o cümlədən 4 doktorluq dissertasiyası müdafiə edilib.

M.Məlikova Azərbaycanın suverenliyi haqqında 23 sentyabr 1989-cu il Konstitusiya qanununu tərtib edənlərdən biri, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi 1978-ci il Azərbaycan SSR Konstitusiyasının və 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması üzrə komissiyanın üzvü olub. 

O, bir sıra tədris proqramlarının müəllifidir. 1979-cu ildə "Azərbaycanın siyasi nəzəriyyələr tarixi”ni, 1985-ci ildə "Siyasi və hüquqi nəzəriyyələr tarixi”ni , 1994-cü ildə "Müsəlman hüququnun əsasları”nı, 1996-cı ildə "Ümumi dövlət və hüquq tarixi”ni, 1998-ci ildə "Dövlət və hüquq nəzəriyyəsi”ni, "Azərbaycanın dövlət və hüquq tarixi”ni və digər tədris proqramlarını nəşr etdirib.

Alim Azərbaycanda və onun hüdudlarından kənarda çap olunmuş 200-dən çox monoqrafiya, dərslik, dərs vəsaiti, çoxsaylı elmi məqalələrin müəllifidir. Onun 2019-cu ildə işıq üzü görmüş "Hüquq nəzəriyyəsi” adlı əsəri hüquqşünasların stolüstü kitabına çevrilib.

Görkəmli hüquqşünas Azərbaycan Respublikası Ali Məhkəməsinin və Baş Prokurorluğunun elmi-məsləhət şuralarının üzvü kimi də fəaliyyət göstərir.

Professor Məsumə Məlikovanın xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1969-cu ildə Azərbaycan SSR-in Əməkdar hüquqşünası fəxri adına, 1976-cı ildə "Şərəf nişanı” ordeninə, 1985-ci ildə "Əmək veteranı” medalına, 2000-ci ildə "Şöhrət” ordeninə layiq görülüb. Prezident İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycanda təhsilin və elmin inkişafında xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Alim, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi döş nişanı”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin və AMEA-nın Fəxri fərmanları ilə təltif edilib.

AMEA-nın müxbir üzvü Məsumə Məlikovanı 90 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.