www.science.az
21.11.2019 14:55

Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və kötücəsi Pşemislav Cavanşiri ilə görüş keçirilib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin nəslinin davamçıları AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycana gəliblər.

Görüşdə akademik İsa Həbibbəyli C.Məmmədquluzadənin nəslinin nümayəndələrinin ölkəmizə gəlmələri üçün uzun illər iş apardığını bildirib. O, hələ 25 yanvar 1992-ci ildə Mirzə Cəlilin 1942-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin övladları Teymur Cavanşiri və İren Cavanşiri ilə Tehran şəhərində görüşdüyünü və onlarla mütəmadi əlaqə saxladığını qeyd edib. Alim 1998-ci ildə isə Paris şəhərində Ə.Məmmədquluzadənin qızı Mehri Səqqətçiya ilə görüşdüyünü və əlaqə qurduğunu da bildirib.

İ.Həbibbəyli Mirzə Cəlil nəslinin davamçıları ilə fotoşəkilləri, mətbuatda məqalələri və “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” adlı tədqiqatının mövcud olduğunu qeyd edib.  

AMEA-nın vitse-prezidenti 2009-cu ildə ədibin 140 illiyi ilə əlaqədar olaraq onun qohumlarının Azərbaycana gətirilməsi üçün təşəbbüs göstərdiyini, bu səbəbdən həmin vaxtlar ölkəmizin Polşadakı səfiri Vilayət Quliyevə də müraciət etdiyini diqqətə çatdırıb. Mirzə Cəlilin Polşada yaşayan nəvə-nəticələrinin ünvanını əldə edib onlarla əlaqə yaratmağı daimi diqqət mərkəzində saxladığını və bu işin gerçəkləşməsində jurnalist Hafiz Əhmədovun da xidmətlərinin olduğunu vurğulayıb.

C.Məmmədquluzadə şəcərəsinin nümayəndələrinin Azərbaycanda olduqları müddət ərzində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə görkəmli yazıçıya həsr edilmiş elmi-mədəni tədbirlərə qatıldıqlarını, yazıçının ev muzeyini və Fəxri xiyabandakı məzarını, Şəhidlər Xiyabanını ziyarət etdiklərini, C.Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etdiklərini, müxtəlif kütləvi informasiya vasitələrinə müsahibələr verdiklərini, o cümlədən Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşdüklərini bildirib.

C.Məmmədquluzadənin nəticəsi M.Cavanşiri Azərbaycanda onlara göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Sonda akademik İsa Həbibbəyli M.Cavanşiriyə “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabını hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.