www.science.az
06.11.2019 10:18

Folklorşünas alimin 70 illik yubileyi qeyd olunub

AMEA Folklor İnstitutunun Elmi şurasının iclasında bu müəssisənin elmi işlər üzrə direktor müavini, fil.ü.f.d. Oruc Əliyevin 70 illik yubileyi qeyd olunub.

Tədbirdə institutun direktoru, akademik Muxtar İmanov folklorşünas alimin həyat və yaradıcılığından danışıb. Oruc Əliyevlə tanışlığının 1972-ci ilə təsadüf etdiyini deyən alim onun folkor toplayıcılığı zamanı işinə məsuliyyətli yanaşmasından bəhs edib: "Oruc Əliyev nağılşünas alimdir. Onun şəxsiyyətində, xarakterində gördüyümüz təmizlik nağıl toplayıcılığında da özünü aydın göstərib. Yəni bu mətnlərdə uydurmaçılıq, saxta mətnlər yoxdur, dili isə xalq ruhunu tam təsdiq edir, toplayıcılıq, tərtibçilik prinsipinə uyğundur. O.Əliyevin xarakteri, şəxsiyyəti ilə toplayıcılıq, tədqiqatçılıq əxlaqı tamamilə üst-üstə düşür.”

Daha sonra institutun Aşıq yaradıcılığı şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədli, Dədə Qorqud şöbəsinin müdiri, fil.ü.e.d., prof. Ramazan Qafarlı, Mifologiya şöbəsinin müdiri, fil.ü.e.d., prof. Seyfəddin Rzasoy, Klassik folkor şöbəsinin müdiri, fil.ü.f.d., dos. Rza Xəlilov və  Müasir folklor şöbəsinin müdiri, fil.ü.e.d., prof. Füzuli Bayat çıxış edərək O.Əliyevi görkəmli alim, sadə və müdrik insan, elm fədaisi, yüksək insani keyfiyyətlərə malik ziyalı kimi xarakterizə edib, onunla bağlı xoş xatirələrini danışıblar. Çıxışlarda O.Əliyevin ardıcıl nağıl tədqiqatçısı olduğu, Azərbaycan folklorşünaslığını bu istiqamətdə yaradıcılığı ilə zənginləşdirdiyi bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.