Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

04.11.2019 09:46
  • A-
  • A
  • A+

Basqalda arxeoloji tədqiqatlar davam edir

Basqalda arxeoloji tədqiqatlar davam edir

Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən sentyabr ayının sonlarından başlayaraq arxeoloji tədqiqat işləri aparılır.

Tədqiqatlar ölkə başçısının “Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” 3 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən həyata keçirilir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı (Basqal) arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib ki, Basqalda arxeoloji tədqiqatlara ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində başlanılıb. Məqsəd Basqal ərazisində yaşayışın nə zamandan başlandığını, ərazidə əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesində nə dərəcədə qorunduğunu, sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.

Onun sözlərinə görə, arxeoloqlar artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrəniblər. Sovet dönəmində klub kimi istifadə olunan, yanğına məruz qalandan sonra istifadəsiz qalan məscidin ərazisində aparılan tədqiqatlar zamanı maraqlı tapıntılar aşkarlanıb.

Q.Cəbiyev bildirib ki, ümumi sahəsi 161 kvadratmetr olan məscidin 111 kvadratmetrində artıq ilkin arxeoloji tədqiqatlar əsasən başa çatdırılıb. Nəticədə XI əsrdən etibarən bu günədək formalaşan və 3,5 metr qalınlığı olan 6 tikinti qatı qeydə alınıb. Həmin tikinti qalıqlarının da ən möhtəşəmi 2m x 2m ölçüdə olan daş sütunlar üzərində inşa edilən və 32,4 kvadratmetr sahəni əhatə edən məscid binasıdır. Məscidin cənub-qərb tərəfindəki sütunun yanında kürsü aşkar olunub. Kürsünün altı bir neçə cərgədən ibarət daşla hörülərək üstü sarı torpaq və gəclə suvanıb. 

Arxeoloq əlavə edib ki, bir müddət öncə ərazi təmizlənərkən oradan məscidin kitabəsi də tapılıb. Həmin kitabəyə əsasən Basqal məscidinin 1568-ci ildə “həqiqətlərin bürhanı Sufi-Dərvişin əmri ilə” inşa olunduğu bildirilir. Ötən əsrin 80-ci illərində məscid ərazisindən tapılan, oradakı yardımçı binanın divarına bərkidilmiş digər bir kitabədə isə Şeyx Məhəmməd və onun oğlu Şeyx Səfainin adı çəkilir. Bütün bunlar yerli sakinlərin həmin məscidi “Şeyx Məhəmməd məscidi” adlandırdıqlarından xəbər verir. Arxeoloji axtarışlar zamanı aşkara çıxan digər maddi mədəniyyət qalıqları, xüsusən də rəngarəng çeşidli keramika nümunələri də Şeyx Məhəmməd məscidinin məhz XVI əsrin ortalarında inşa olunduğunu təsdiqləyir.

Ekspedisiya rəhbəri bildirib ki, tədqiq olunan ərazidə qeydə alınan 6 tikinti qatının hər biri orta hesabla 160 illik dövrü əhatə edir. Öyrənilən sahədə qeydə alınan tikinti qatlarının hamısı müxtəlif xarakterli və müxtəlif təyinatlı bina qalıqları ilə olduqca zəngindir. Qazıntı sahəsinin demək olar ki, bütün səmtlərində bu və ya digər dərəcədə dağıntıya məruz qalan, yaxud da ən azı bünövrəyə yaxın hissəsi nisbətən daha yaxşı mühafizə olunan tikinti qalıqlarının hamısı bir-birinin yanında və ya üstündə qeydə alınıb. Bu isə son 1000 il ərzində Basqal ərazisində həyatın nə dərəcədə intensiv olduğunun göstəricisidir.

Q.Cəbiyev vurğulayıb ki, tədqiq olunan ərazidə Şeyx Məhəmməd məscidindən daha əvvəlki dövrlərə aid edilən digər tikinti qalıqları da aşkarlanıb. Öyrənilən ərazinin mərkəzi hissəsində yer səthindən 2,3 metr dərinlikdə, şimal-cənub istiqamətində olmaqla aşkar olunan möhtəşəm bina qalığı xüsusilə maraq doğurur. Ərazidə aparılan ilkin arxeoloji tədqiqatlar Basqalın həqiqətən də orta əsrlərdə Azərbaycanın çox mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.

Arxeoloq qeyd edib ki, axtarışlar zamanı ərazidən tapılan rəngarəng çeşidli keramika, dəmir, boyaq və daş məmulatı nümunələri, xüsusən də toxuculuq sənətinə aid artefaktlar Basqal ustalarının yaradıcı fantaziyasının hüdudlarının nə qədər geniş olduğundan xəbər verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: