Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində müvafiq vəzifələri tutmaq üçün seçkilər keçirilib
01.11.2019 14:20
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində müvafiq vəzifələri tutmaq üçün seçkilər keçirilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında bölmənin 4 elmi-tədqiqat institutunun müvafiq şöbə və laboratoriyalarına müdir, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilər keçirilib.

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev rəhbərlik etdiyi qurumun elmi-tədqiqat müəssisələrinə şöbə və laboratoriya müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə vakant yerləri tutmaq üçün “Şərq qapısı” qəzetinin 10 sentyabr 2019-cu il tarixli sayında dərc edilən elanla bağlı 12 nəfərin müraciət etdiyini bildirib.

Daha sonra seçkilərin keçirilməsi üçün Hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, üzvləri isə AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Tofiq Əliyev seçiliblər.

Gizli səsvermənin nəticələrinə görə, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinə, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Antik və orta əsrlər arxeologiyası şöbəsinə müdir, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Xalçaşünaslıq” elmi-tədqiqat qrupuna rəhbər, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasına, kimya üzrə fəlsəfə doktorları, dosent Günel Məmmədova Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasına, Qorxmaz Hüseynov isə Mineral xammalın kimyası və texnologiyası laboratoriyasına rəhbər vəzifələrinə, 5 nəfər isə aparıcı və böyük elmi işçi vəzifələrinə seçiliblər.

Səsvermə yolu ilə seçilən əməkdaşlar Rəyasət Heyətinin qərarı ilə təsdiq olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: