www.science.az
01.11.2019 14:29

AMEA Yüksək Texnologiyalar Parkında istehsal edilən qurutma avadanlığının təqdimatı olub

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) fərdi sahibkar Fəxrəddin Quluzadənin hazırladığı təbii qurutma avadanlığının təqdimatı keçirilib.

Tədbiri YT Parkın direktoru, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov açaraq rəhbərlik etdiyi qurumun Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradıldığını xatırladıb. Qeyd edib ki, YT Parkın yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.

Sonra F.Quluzadə çıxış edərək istehsal etdiyi avadanlıq haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan istehsalı olan bu qurutma avadanlığı qazla çalışaraq isti hava dövriyyəsi yaradır və meyvələrin qurudulmasına imkan yaradır. Onun sözlərinə görə, YT Parkda istehsal olunan bu cihaz xarici ölkələrdəki oxşar avadanlıqlardan 2-3 dəfə ucuz başa gəlir: "Qurutma avadanlığından istifadə etməklə yay mövsümündə bol və ucuz olan məhsulu qurudub daha uzun müddət saxlamaq və istehlak etmək mümkündür".

Daha sonra o, avadanlığı nümayiş etdirib.

Sonda tədbir iştirakçıları parkın maddi-texniki bazası və müasir avadanlıqları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.