Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Ramiz Qurbanovun 85 yaşı tamam olur
29.10.2019 10:15
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Qurbanovun 85 yaşı tamam olur

Oktyabrın 30-da bərk cismin mexanikası və neft hasilatı texnologiyası sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Ramiz Qurbanovun 85 yaşı tamam olur.

Ramiz Qurbanov 1934-cü ildə Salyan şəhərində anadan olub. O, 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsini "neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

26 Bakı Komissarı adına Neft və Qaz Çıxarma İdarəsində operator kimi əmək fəaliyyətinə başlayan alim burada usta köməkçisi, neft və qaz hasilatı üzrə usta, böyük mühəndis vəzifələrində çalışıb. O, 1861-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunun (AzNKİ) Nəzəri mexanika kafedrasında assistent, böyük müəllim, dosent, professor işləyib. 1968-1989-cu illərdə AzNKİ-da Nəzəri mexanika kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru kimi fəaliyyət göstərib. 1989-1990-cı illərdə isə Azərbaycan Pedqaqoji İnstitutunun rektoru olub.

R.Qurbanov 1963-cü ildə "Neft işində maye və qaz axmasının təyin edilmə məsələləri" mövzusunda namizədlik, 1968-ci ildə "Qeyri-nyuton neftlərinin hasilatının hidrodinamik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.

O, bərk cismin mexanikası və neft hasilatı texnologiyası sahəsində tanınmış alimdir. R.Qurbanovun əsas elmi tədqiqat sahəsi neft-mədən avadanlığının və idarəetmə sistemlərinin Soft Kompyutinq bazasında intellektual robotlarla təkmilləşdirilməsinin elmi əsaslarının işlənməsidir.

Alim 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 33 fəlsəfə doktoru, 7 elmlər doktoru hazırlanıb.

Elmin inkişafındakı nailiyyətlərinə görə o, Azərbaycan SSR Dövlət mükafatı laureatına, "SSRİ fəxri neftçisi" adına layiq görülüb. Həmçinin "SSRİ ali təhsil sahəsi işində əla müvəffəqiyyətlərə görə", "Azərbaycan neft sənayesi əlaçısı", "Azərbaycan qaz sənayesi əlaçısı" nişanları ilə təltif olunub.

AMEA-nın müxbir üzvü Ramiz Qurbanovu 85 illik yubileyi münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: