Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2019 15:45
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda beynəlxalq elmi seminar keçirilib

Neft və Qaz İnstitutunda beynəlxalq elmi seminar keçirilib

Oktyabrın 18-də AMEA-nın Neft və Qaz İnstitutunda (NQİ) bu qurumun, Azərbaycan-Fransa Universiteti və Türkiyənin Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi seminar keçirilib.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölməyə daxil olan elmi müəssisə və təşkilatların əməkdaşları, tələbələr və türkiyəli alimlər iştirak ediblər.

Seminarı NQİ-nin elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra Dokuz Eylül Universitetinin professoru Mustafa Ergünün "Xəzər dənizinin suyunun səviyyəsi və təsirləri" mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində bildirib ki, Xəzər çökəkliyi dünyada insanların məskunlaşdığı ilk məskənlərdən biri sayılır və dənizdə suyun səviyyəsi hər 400 ildən bir enib qalxdıqca burada yaşayan insanlar ətraf ərazilərə köç etmək məcburiyyətində qalıblar. O, bu gün tarixi Xəzər bölgəsinin mədəniyyətinə Azərbaycan, Türkiyə, Rusiya, Türkmənistan, İran, Misir, Hindistan və Pakistanda rast gəlindiyini diqqətə çatdırıb. M.Ergün məruzəsində, həmçinin Xəzər, Mesopotamiya, Misir və Hindi dil qrupları və onların oxşarlıqları, o cümlədən tarixdəki ilk yazı mədəniyyəti haqqında məlumat verib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, üç qurumun təşkilatçılığı ilə Azərbaycan-Fransa Universitetində Dokuz Eylül Univerisitetinin professoru Dərman Dondururun "Dənizdəki seysmik məlumatların toplanması, işlənməsi və şərhi" mövzusunda məruzəsi də dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: