Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Strateji Elmi Tədqiqatlar Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir
26.09.2019 11:46
  • A-
  • A
  • A+

Strateji Elmi Tədqiqatlar Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) 2 saylı laboratoriyasının müdiri, f.ü.f.d. Fərid Əhmədov və Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, f.ü.f.d. Qadir Əhmədov Çexiya Respublikasında ezamiyyətdə olublar.

Səfər SETM ilə Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutu (ETFİ) arasında cari ildə imzalanmış detektorların hazırlanması və beynəlxalq təcrübələrdə əməkdaşlığa dair müqavilə çərçivəsində baş tutub.

Ezamiyyət müddətində ETFİ-nin direktoru, Dr. İ.Stekl ilə görüş keçirilib və görüləcək işlər haqqında müzakirələr aparılıb. Görüş zamanı iki qurum arasında birgə əməkdaşlıq çərçivəsində yeni hazırlanmış modulun gücləndirmə rejiminin seçilməsi, təkmilləşdirilməsi və onun tətbiq edilmə imkanları müzakirə olunub.

Yeni detektorun spektroskopik rejimini yoxlamaq üçün azərbaycanlı alimlərin təklifləri əsasında hazırlanan MAPD sensorlarından və LFS ssintilyatorundan istifadə edərək Co-57 radioizatopunun şüalandırdığı qamma şüaların (14-122keV) qeydedilmə həssaslığı tədqiq edilib. Göstərilib ki, bu tip detektorlar ionlaşdırıcı şüalanmanın qeyd edilməsində uğurla tətbiq oluna bilər. Hazırlanmış modulun spektroskopiya sahəsində həyata keçirilməsi üçün detektor modulunun 1keV-5000keV enerji intervalında geniş tədqiq edilməsi qərara alınıb.

Bununla yanaşı, səfər müddətində MAPD diodların həssaslığının quruluş boyunca dəyişməsini tədqiq etmək üçün elektron mikroanalizator qurğusundan  istifadə imkanları araşdırılıb və gələcəkdə yüksək vakuumda MAPD diodlarının tədqiq edilməsi üçün lazım olan təcrübi dövrələr yığılıb və uğurla test edilib. Elektron mikroanalizator qurğusu enerjisi 1keV-25keV intervalında dəyişən mono energetik  elektronların  alınmasını təşkil edəcək.

SETM-in əməkdaşlarının elektronika sahəsində ixtisaslarının təkmilləşdirilməsi və gələcəkdə birgə layihələrin işlənməsi üçün Çexiyanın Pilsen şəhərində yerləşən Qərbi Bohemia Universitetinin əməkdaşı Dr. İ.Georgiyevlə görüş keçirilib və gələcəkdə beynəlxalq ERASMUS layihələrində birgə iştirak etmə imkanları müzakirə olunub.

Bundan əlavə, Çexiyanın "NUVIA GROUP" firmasının detektorlar texnologiyası bölməsinin direktoru, Ph.D Hana Buresova ilə də görüşlər keçirilib. Görüşdə AMEA əməkdaşlarının hazırladığı MAPD diodlarının parametrləri və onların tətbiq sahəsi haqqında seminar təşkil edilib. NUVIA direktorunun təklifləri əsasında MAPD fotodiodlarının ssintilyator detektorlarında tətbiq edilməsi və gələcəkdə birgə əməkdaşlığın təşkil edilməsi qərara alınıb. Daha sonra H.Buresova ssintilyatorların yetişdirilməsi və hazırlanma texnologiyası haqqında məlumat verib və zavodun imkanlarını göstərib.

Qeyd edək ki, SETM-in 2 saylı laboratoriyasının əsas fəaliyyət istiqaməti xüsusi təyinatlı foton və ionlaşdırıcı şüa qeydedicilərin hazırlanmasıdır. Laboratoriyanın təcrübi otaqlarının açılışı 2017-ci il dekabrın 18-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və SETM-in rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayevin iştirakı ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: