Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Nizami Cəfərovun 60 yaşı tamam olur
20.09.2019 09:30
  • A-
  • A
  • A+

Akademik Nizami Cəfərovun 60 yaşı tamam olur

Sentyabr ayının 21-də tanınmış türkoloq, görkəmli dilçi alim, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AR Milli Məclisinin deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun 60 yaşı tamam olur.

Nizami Qulu oğlu Cəfərov 21 sentyabr 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1985-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda əmək fəaliyyətinə başlayan alim 1987-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. Alim 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasını yaradaraq onun müdiri təyin olunub. Akademik 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin edilib və bugünədək həmin vəzifədə uğurla fəaliyyət göstərir. Yüksək peşəkarlığı ilə tələbələrin dərin hörmətini qazanan N.Cəfərov 2019-cu ilin iyun ayından Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri vəzifəsinə təyin olunub.

N.Cəfərov 1985-ci ildə “Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı” mövzusunda namizədlik, 1991-ci ildə “XVIII əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1995-ci ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilib.

Tədqiqatları Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı, XVIII əsr Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunan akademik yüzlərlə elmi məqalənin, elmi və elmi-publisistik əsərlərin, ali və orta məktəb dərsliklərinin müəllifidir. Onun “Füzulidən Vaqifə qədər”, “Azərbaycan türkcəsinin milliləşməsi tarixi”, “Azərbaycanşünaslıq məsələləri”, “Qədim türk ədəbiyyatı”, “Türkün dünyasından türk dünyasına”, “Türkologiyaya giriş”, “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, “Azərbaycan xalqının tarixi, yaxud tərcümeyi-halı”, “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları”, “Mir Cəlalın milli idealları” və s. kitab və monoqrafiyaları elmi ictimaiyyətin dərin rəğbətini qazanıb.

Görkəmli alimin gənc mütəxəssislərin yetişdirilməsində də əvəzsiz xidmətləri var. Onun rəhbərliyi altında 5 elmlər doktoru, 15-dən çox fəlsəfə doktoru hazırlanıb.

O, Azərbaycan Respublikasının II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il) və V çağırış (2015-ci il) Milli Məclisinin deputatıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt Parlamentlərarası Əlaqələr üzrə işçi qruplarının, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvüdür.

Akademik Nizami Cəfərov elmi nəticələrinə və təhsil quruculuğunda səmərəli xidmətlərinə görə, 2001-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb. Bundan əlavə, Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin qərarı ilə “Yusif Məmmədəliyev adına medal”la təltif edilib.

Görkəmli dilçi alimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: