Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir
13.09.2019 09:05
  • A-
  • A
  • A+

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir

Sentyabrın 12-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.

İki gün davam edəcək tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər iştirak edirlər.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək ölkəmizdə media sahəsində əldə edilən uğurlardan danışıb. Bildirib ki, 1998-ci ildə ölkəmizdə senzura ləğv edilib, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, media tam müstəqildir. Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir. Ölkəmizdə 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir.

Mətbuat Şurasının sədri bugünkü toplantıda dünyada medianın inkişaf meyillərinə dair müzakirələrin aparılacağını söyləyib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısının iştirakçılarını Prezident İlham Əliyev və hökumətimiz adından salamlayıb. Bildirib ki, Azərbaycan milli mətbuatı və digər kütləvi informasiya vasitələri yüz ildən artıq bir tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib. 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra - 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Yeni Konstitusiyasında fikir və söz azadlığının əsas insan hüquqları sırasında öz əksini tapması KİV-in inkişafında yeni tarixi mərhələnin bünövrəsini qoyub. Prezident Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, kənar təsir olmadan özünütənzimləyən azad medianın yaradılması üçün ölkəmizdə geniş perspektivlər açılıb.

Ötən 25 ildə ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları xatırladan Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamları ilə 1998-ci ilin sonunda yerli KİV-lər əlavə dəyər vergisindən azad edilib, ölkəyə gətirilən çap məmulatlarına tətbiq edilən gömrük rüsumları ləğv olunub, media vasitələrinin dövlətə olan borcları silinib və əlavə olaraq onlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi işi təmin edilib.

Əli Həsənov bildirib ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziyası və 13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.

Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında məlumat verən Əli Həsənov diqqətə çatdırıb ki, hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında birinci sıralarda bərqərar olub. Az. domenində qeydiyyatdan keçən internet saytlarının sayı 20 mini ötüb. Bununla yanaşı, Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda, vətəndaşların “Facebook”, "Twitter", “Youtube”, “İnstaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Ölkədə sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır ki, bu da cəmi 10 milyon əhalisi olan Azərbaycan üçün çox böyük göstəricidir. 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, qardaş ölkələr olan Türkiyə və Azərbaycan mədəniyyət, tarix baxımından bir millət, iki dövlətdir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duyuruq və bu prosesi davam etdirməkdə israrlıyıq.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin tez bir zamanda həllini vacib sayır. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırımı törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediasının üzərinə düşən ən böyük vəzifələrdən biridir.

Tədbirdə BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pərvanə Bayramova və digər çıxış edənlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yaranma tarixindən və fəaliyyətindən, eləcə də müasir medianın üzləşdiyi problemlərdən və qarşısında duran vəzifələrdən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: