Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.09.2019 10:39
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində Nəsimi yaradıcılığına həsr edilmiş elmi-praktiki seminar keçirilib

Şəki Regional Elmi Mərkəzində Nəsimi yaradıcılığına həsr edilmiş elmi-praktiki seminar keçirilib

Bu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.

Bu çərçivədə sentyabrın 3-də AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) elmi-praktiki seminar təşkil edilib.

Tədbiri giriş sözü ilə ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov açaraq 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı ölkə Prezidentinin Sərəncamının əhəmiyyətini qeyd edib. Bildirib ki, İmadəddin Nəsimi çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şair olub. Onun zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

F.Əzizov çıxışında ustad şairin zəngin ədəbi irsinin öyrənilməsində elmi müzakirələrin, seminarların önəmli rol oynadığını vurğulayıb.

Daha sonra mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, professor Firədun İbrahimov “İslam və “insanın mükəmməlliyi – aliliyə çatması” paradiqmasına dayanan baxışlar” mövzusunda məruzə ilə çıxış edib.

Diskussiya şəraitində davam edən tədbirdə Nəsiminin həyat və fəaliyyəti, bədii yaradıcılığı, dini-fəlsəfi görüşləri geniş müzakirə edilib. Müzakirələrdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov, dissertant Elşən Abdurahmanov və digərləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: