Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.07.2019 14:20
  • A-
  • A
  • A+

Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi keçirilir

Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi keçirilir

Qəbələdə AMEA-nın İctimai Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə gənc arxeoloq alim və tələbələrin beynəlxalq yay məktəbinə start verilib.

Məqsəd respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələri və əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə gənclərin cəlb olunmasıdır.

Tədbirin açılış mərasimində çıxış edən şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov akademiyada gənc alim və mütəxəssislər üçün yay-qış məktəblərinin təşkilinin ənənə halını aldığını bildirib. Qeyd edib ki, ötən dövr ərzində şuranın təşkilatçılığı ilə Şamaxıda gənc kimyaçılar üçün yay məktəbi, Bakıda isə gənc bioloqlar üçün qış məktəbi uğurla təşkil olunub:  “Bu dəfə ictimai elmlər üzrə ixtisaslaşmış tarixçi və arxeoloq gənclərin aktual mövzularda beynəlxalq həmkarları ilə birgə fikir mübadiləsinə cəlb olunması nəzərdə tutulub”.

F.Salmanov hazırda koreyalı arxeoloqların Qəbələdə tədqiqatlar apardıqlarını və bunun yay məktəbinin iştirakçıları üçün təcrübə baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra tədbirin plenar iclasında Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Antik və ilk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyasinin rəhbəri Ceyhun Eminlinin "Qəbələdə arxeoloji tədqiqatlar və ilkin nəticələri" mövzusunda məruzəsi dinlənilib. O, çıxışında Qafqaz Albaniyası və onun paytaxtı olmuş Qəbələ haqqında yazılı mənbələr, burada aparılmış ilk arxeoloji tədqiqatlara dair məlumat verib, həmçinin son illər rayonun Səlbir ərazisindəki qazıntılardan danışıb. Ərazidə aşkar olunmuş antik və orta əsr tikili qalıqları, su təchizatı sistemi, istehsalat qurğuları və qəbirlər gənc alimlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, 5 gün davam edəcək yay məktəbinin iştirakçılarının dünyanın sivilizasiya tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən “Səlbir” ərazisinə ekskursiyası nəzərdə tutulur. Bundan əlavə, iştirakçılar çöl tədqiqatlarında da iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: