Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Akif Əlizadə Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransda çıxış edib
21.06.2019 15:49
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransda çıxış edib

Avstriyanın paytaxtı Vyana şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib. 

Konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans mühüm, qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir. 

Vyana konfransında Avstriya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət şuralarının üzvləri iştirak ediblər. Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq qurumların nümayəndələri təmsil olunublar.

Konfransın açılışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, dünyada onlarla din, yüzlərlə təriqət və dini dünyagörüşü var. Amma insanların yaşaya biləcəyi bir planet mövcuddur, bu da Yer kürəsidir. Milli və dini mənsubiyyətlərindən asılı olmayaraq, insanlar bu planetdə birgə yaşamağa və onu paylaşmağa məhkumdurlar. Bunun yolu isə qarşılıqlı anlaşmadan və birgə əməkdaşlıqdan keçir. Önəmli məqamlardan biri də odur ki, zaman keçdikcə dinlərarası əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasiya texnologiyaları əsrində yalnız hansısa bir dinin və ya xalqın mənsublarından ibarət təcrid olunmuş cəmiyyət yaratmaq mümkün deyil. Başqa sözlə, çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğu çox vacib amildir.

AMEA-nın prezidenti qeyd edib ki, müasir dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini hamının qəbul etməsi və bütün cəmiyyətlərdə bərqərar olunması istiqamətində XXI əsrə qədər xeyli yol keçib. Ən azı ona görə ki, bu gün dünyada heç bir dövlət beynəlxalq müstəvidə qəbul olunmuş tolerantlıq prinsiplərindən rəsmi şəkildə imtina etmir. Amma təbii ki, arxa planda bu prinsiplərə əməl etməyən dövlətlər və cəmiyyətlər də var. Məsələn, Ermənistan insan hüquqları və onun tərkib hissəsi kimi tolerantlıqla bağlı konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə və işğalçılıq siyasətindən hələ də əl çəkməyib. Əksinə, dünyanın gözü qarşısında və beynəlxalq təşkilatların mövqeyinə zidd olaraq Ermənistan monoetnik dövlətə çevrilib.

Konfrans iştirakçıları müasir dövrdə Avstriyanın və Azərbaycanın multikulturalizm ənənələrinə, dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarına verdikləri töhfələri xüsusi vurğulayaraq, dünyada baş verən terrorizm, ekstremizm, dini radikalizm, o cümlədən ksenofobiya, antisemitizm, islamofobiya, habelə dinin siyasi məqsədlərlə istismarı təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlığa çağırıblar. Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi və Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi ilə birgə təşkil etdiyi Vyana konfransının beynəlxalq müstəvidə nümunə olduğu tədbir iştirakçıları tərəfindən qeyd edilib. 

Beynəlxalq konfransın yekun sənədi – Vyana Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

Konfransın keçirildiyi sarayın foyesində Azərbaycandakı tolerantlığa, ölkəmizin tarixinə və mədəniyyətinə həsr olunan kitablardan ibarət guşə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: