www.science.az
21.06.2019 09:28

AMEA-nın müxbir üzvü Bağır Süleymanovun 60 yaşı tamam olur

İyunun 22-də görkəmli neftçi alim, "SSRİ ixtiraçısı" döş nişanı laureatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftqazelmitədqiqatlayihə İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanovun 60 yaşı tamam olur.

B.Süleymanov 22 iyun 1959-cu ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan  Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1981-1985-ci illərdə "Xəzərdənizneftqazsənaye" Ümümittifaq İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində neft və qaz hasilatı üzrə operator, mühəndis, 1985-1988-ci illərdə isə ADNSU-nun Neft yataqlarının işlənməsi və istismarı kafedrasında assistent kimi fəaliyyət göstərib. 1988-2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Neft və qazın qeyri-xətti mexanikası şöbəsində aparıcı və baş elmi işçi, 2001-2009-cu illərdə isə ARDNŞ-nin Dənizneftqazlayihə İnstitutunda direktor müavini və direktor vəzifələrində çalışıb. 2003-2008-ci illərdə "Şahdəniz" qazkondensat yatağının işlənməsi üzrə rəhbər komitənin üzvü, 2004-cü ildən Nazirlər Kabineti yanında enerji resurslarının səmərəli istifadə edilməsi üzrə komissiyanın sədr müavini olub. 2009 ildən ARDNŞ-nin Neftqazelmitədqiqatlayihə İnstitutunun direktor müavinidir.

1987-ci ildə "Quyudibi zonasının vəziyyətinin diaqnozlaşdırılması əsasında quyuların hasilatının artırılması üsullarının işlənməsi və tətbiqi" mövzusunda fəlsəfə, 1997-ci ildə isə "Neftçıxarmada texnolojı proseslərin səmərəliliyini artırmaq üçün heterogen sistemlərinin istifadəsinin nəzəri və təcrübi əsasları" mövzusunda doktorluq işini müdafiə edib. 2011-ci ildə professor elmi adını alıb, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

B.Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin qeyri-bircinsli məsaməli mühitlərdə süzülməsinin fiziki və riyazi modelləşdirilməsi əsasında layların neftveriminin artırılması, quyudibi zonanın işlənməsi və su axınlarının təcrid olunmasının yeni texnologiyalarının yaradılması təşkil edir. Bundan əlavə, onun tərəfindən qeyri-bircins laylarda qeyri-Nyuton mayelərinin axını zamanı S-vari filtrasiya qanununun mövcudluğu təyin edilib, təcrübi və nəzəri cəhətdən əsaslandırılıb, qazlı Nyuton və qeyri-Nyuton mayelərin təzyiqin böhrana qədər sahələrində stasionar və qeyri-stasionar süzülməsi hərtərəfli öyrənilib. Eyni zamanda alimin rəhbərliyi altında neft hasilatı quyularında müxtəlif texnoloji proseslərin modelləşdirilməsi nəticəsində yeni tipli quyu avadanlığının – dalma nasosları, yeraltı təmiri avadanlığı, quma qarşı süzgəclər, müxtəlif reagentlərin – deemulqatorlar, depresatorlar, səthi aktiv maddələr işlənib hazırlanıb.

B.Süleymanov 216 elmi əsərin, o cümlədən 72 müəlliflik şəhadətnaməsi və patentin, 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 16 fəlsəfə, 1 elmlər doktoru yetişdirilib.

Alim "SSRİ ixtiraçısı" döş nişanı (1985), respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə ARDNŞ-nin Fəxri fərmanı (2004, 2009), Rusiya Təbiət Elmləri Akademiyasının "Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı" (2018) ilə təltif edilib, ixtiraçılıq sahəsində birinci respublika müsabiqəsinin qalibi (2013) olub. O, 2009-cu ildən ABŞ-ın Neftçi Mühəndislər Cəmiyyətinin üzvüdür.

Görkəmli neftçi alimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.