www.science.az
12.06.2019 11:09

Akademik Çingiz Qacarın Şuşanın tarixi ilə bağlı kitabı çap olunub

AMEA-nın Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacarın “Köhnə Şuşa” adlı yeni kitabı çapdan çıxıb.

Nəşrin rus dilindən tərcümə edəni və məsul redaktoru Vasif Quliyev, dizayner və texniki redaktoru isə Leyla Qarayevadır.

Kitabda Şuşa tarixinin əsas mərhələləri ayrı-ayrı qeydlər şəklində yerləşdirilib, bu Qarabağ incisinin ən mühüm dövrlərinin qısa icmalı göstərilib. Nəşrdə Qarabağ və Şuşanın tarixinin əsas dövrlərini özündə cəmləşdirən ümumi xronoloji cədvəl də verilib.

Görkəmli alim yeni əsərində Qarabağın tarixi, ermənilərin Şuşada və Qarabağda yerləşdirilməsi, Şuşanın yaşayış evləri, Şuşa və Qarabağın məqbərə və məscidləri, Şuşada yerləşən qəbiristanlıqlar, müstəqil Qarabağ xanlığının əsasının qoyulması ilə bağlı bir çox tarixi faktlara aydınlıq gətirib.

Yeni nəşrdə, həmçinin “Azərbaycanın ənənəvi mədəniyyəti”, “Xurşudabanu Natavan”, “Üzeyir Hacıbəyov”, “Qarabağ xanları”, “Qarabağ bəyləri”, “Şuşanın və Qarabağın görkəmli memarı” kimi başlıqlar altında bir çox mühüm məsələlərin şərhini görmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.