www.science.az
26.04.2019 09:44

Goranboy rayonu ərazisində orta əsrlərə aid yaşayış yeri aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparıb.

Tədqiqatlar zamanı qeyd olunan ərazidə kurqanlar və yaşayış yeri aşkar olunub. Orta əsrlər dövrünə aid olan yaşayış yeri Goranboy rayonunun Səfikürd kəndi ərazisində, təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşir. Abidə Qarasu dərəsinin sol sahilində yerləşdiyindən Qarasu yaşayış yeri adlandırılıb. Ümumi sahəsi 3 ha-dan artıq olan yaşayış yerində aparılan ilkin arxeoloji tədqiqatlar zamanı şirli və şirsiz saxsı qab nümunələri, əsasən əkinçilik təsərrfatında istifadə olunan daş əmək alətləri, şüşə və metal məmulatı, sikkə nümunələri və s. aşkar edilib. Əldə edilən saxsı məmulatları formalarına, növlərinə, dekor rənglərinə və hazırlanma texnologiyasına görə fərqlənir. Şirli saxsı qabların əksəriyyəti bir və ya daha çox rəng çalarlarından istifadə edilməklə naxışlanıb. 

Müzəffər Hüseynovun sözlərinə görə, ilkin tədqiqatlar nəticəsində yaşayış yerinin X-XIII əsrlərə aid olduğu ehtimal edilir. O, gələcəkdə aparılacaq arxeoloji qazıntı işləri zamanı abidənin dövrü haqqında daha dəqiq məlumatın əldə ediləcəyinə bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.