Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.04.2019 09:31
  • A-
  • A
  • A+

Xalq artisti Tofiq İsmayılovun 80 illik yubiley gecəsi keçirilib

Xalq artisti Tofiq İsmayılovun 80 illik yubiley gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli kinorejissor, ssenarist, Xalq artisti, professor Tofiq İsmayılovun 80 illik yubiley gecəsi keçirilib.

Tədbiri giriş nitqi ilə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov açaraq Tofiq İsmayılovla bağlı xatirələrini bölüşüb. Bildirib ki, görkəmli sənətkar həyata çox bağlı və arzularla yaşayan bir şəxsiyyət idi. O, Türkiyənin İstanbul şəhərində işlədiyi, Memar Sinan Universitetində çalışdığı vaxtlarda iki ölkənin mədəniyyətini tanıdan, təbliğ edən mühüm layihələr, tədbirlər həyata keçirib.

Akademik R.Hüseynov daha sonra görkəmli rejissorun 1971-ci ildə çəkdiyi “Oxuyur Müslüm Maqomayev” filmindən bəhs edib. Qeyd edib ki, T.İsmayılov kino vasitəsilə zamanı tutub saxlamağı bacaran sənətkar idi: “Onunla ilk işbirliyimiz Cəlaləddin Rumi haqqında çəkdiyimiz “Gəl” filmində olub. Sonra uzun illər birgə əməkdaşlıq etdik. Tofiq İsmayılov mədəniyyət tariximizdə silinməz iz qoyub. İllər ötəcək, nə qədər Azərbaycan mənəviyyatında gözəlliyə, sənətə sevgi var, Tofiq İsmayılov da yaşayacaq”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, professor Aqşin Babayev, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artist Ötkəm İsgəndərov və başqaları çıxış edərək görkəmli bəstəkarla bağlı xatirələrini bölüşüb, T.İsmayılovu dəyərli insan, peşəkar rejissor kimi xarakterizə ediblər. Bildiriblər ki, Azərbaycan mədəniyyət tarixində Tofiq İsmayılovun xüsusi yeri vardır. Onun “Oxuyur Müslüm Maqomayev” filmi tarixdə əbədi qalacaqdır. 

Sonda kinorejissorun lentə aldığı filmlərdən fraqmentlər və həyatı ilə bağlı videoslayd nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: