www.science.az
22.04.2019 15:43

Zoologiya İnstitutunda tanınmış hidrobioloq alimin 80 illik yubileyi qeyd olunub

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə institutun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov hidrobioloq alimin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından danışıb. Bildirib ki, A.Əliyev 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndində anadan olub. O, 1972-ci ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1994-cü ildə isə dosent elmi adını alıb. 1971-ci ildən institutun Hidrobiologiya laboratoriyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışan alim 2005-ci ildən həmin laboratoriyanın müdiridir. 

Qeyd olunub ki, A.Əliyev su tutarları faunası üzrə tanınmış hidrobioloqdur. O, Azərbaycanın müxtəlif su hövzələrinin hidrofaunasına dair 200-dən çox elmi məqalənin, 4 toplu və 2 tərcümənin (“Onurğasızlar zoologiyası” dərsliyinin və “Xəzər dənizi planktonunun ekologiyası” kitabı) müəllifidir.  Alimin əsas tədqiqat obyekti şirin su hövzələrinin sərbəstyaşayan kirpikli infuzorlar faunasıdır.  A.Əliyev bu sahədə elm üçün yeni olan 30-a yaxın infuzor növlərinin ilk təsvirini verib.

Tədbirdə digər çıxış edənlər də hidrobioloq alimi 80 illik yubileyi münasibəti ilə təbrik edib, ona can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayıblar.

Sonda çoxillik və səmərəli fəaliyyətinə görə yubilyara Zoologiya İnstitutunun və AMEA-nın Azad Həmkarlar İttifaqının Fəxri fərmanları təqdim edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.