Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Milli Azərbaycan Tarixi Muzeyində “Kreativ mühafizəkarlar” adlı məktəblərarası viktorina keçirilib
19.04.2019 10:06
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Kreativ mühafizəkarlar” adlı məktəblərarası viktorina keçirilib

Aprelin 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Kreativ mühafizəkarlar” adlı məktəblərarası viktorina keçirilib.

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan viktorina Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Viktorinanın aparıcısı Ləman Musayeva iştirakçıları qaydalarla tanış edib. Bildirib ki, viktorinada Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin “Turan” klubu, Xətai rayonu 17 nömrəli tam orta məktəbin “Mübariz” klubu və akademik Zərifə Əliyeva adına liseyin “Tarixi-aləmarayi” klubunun üzvləri iştirak ediblər. 

Ləman Musayeva bildirib ki, viktorinanın məqsədi məktəb-muzey inteqrasiyasını genişləndirmək, şagirdlərin tariximizə, irsimizə, maddi-mədəniyyət abidələrimizə olan diqqət və qayğısını artırmaqdır. Həmçinin Vətənimizin tarixi incilərini məktəblilərə əyani şəkildə nümayiş etdirməklə, ona olan heyranlıq və sevgini təmin etməkdir. Viktorina dövlət təhsil proqramına və muzey nəşrləri ilə muzey ekspozisiyasına əsaslanır. Eyni zamanda, elmin populyarlığına xidmət edən bu tədbir maarifləndirici, əyləndirici və milli irsimizin təbliğatı xarakterini daşıyır.

Sonra 6 bölmədən (tarixi memarlıq abidələri və şəhərlər, tarixi hadisələr, silah və əsləhələr, etnoqrafiya, arxeologiya və numizmatika) və 2 turdan ibarət viktorina keçirilib. Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin “Turan” klubu I yerə layiq görülüb. Musiqi istedadı olan şagirdlərin ifasında bədii hissə də nümayiş olunub.

Sonda muzeyin direktoru, akademik Nailə Vəlixanlı tərəfindən viktorinada iştirak edən komandalara sertifikatlar, muzeyin elmi nəşrləri və birinci yer tutan “Turan” komandasına muzeyin illik ailə bileti təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: