Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Zəriflik simvolu
15.04.2019 09:06
  • A-
  • A
  • A+

Zəriflik simvolu

Azərbaycan Tibb İnstitutunda təhsil almış tələbələrin içərisində bir çox dahilər yetişmişdir. Onların arasında akademik Zərifə xanım Əliyevanın xüsusi yeri var.

Həkim, əsilzadə xanım-xatın, zərif, incə bir Azərbaycan qadını, adı, ünü dünyada tanınan böyük bir nəslin layiqli davamçısı, öz övladlarına nümunəvi bir ana olmuş, dünyanın bütün şöhrətini fəth etmiş, insanların hörmət və məhəbbətini qazanmış ulu öndərin ömür-gün yoldaşı və qeyrətli, namuslu dostu, tibb tarixinə böyük hərflərlə adı yazılan Zərifə xanım insanların qəlbində parlaq günəş kimi yaşayır və işıq saçmaqda davam edir.

Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Zərifə Əziz qızı Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskva şəhərində Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmiş, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsində başlamışdır.

XX əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyinin yayılması ciddi bir problem olmuşdur. Gənc həkim Zərifə Əliyeva traxomaya qarşı mübarizədə fəal iştirak etmişdir. Ona həvalə edilmiş Əli Bayramlı (indiki Şirvan) rayonunda çətinliklərə baxmayaraq, traxomaya qarşı tədbirlər kompleksini inadla yerinə yetirmişdir. Zərifə xanımın bu fədakar əməyinin respublikada traxomanın ləğv edilməsi işində mühüm rolu olmuşdur.

Aparılan böyük praktiki iş Zərifə xanımın ilk elmi əsərlərinin əsasını qoymuşdur. Traxomanın müalicəsinə həsr olunmuş mövzuda namizədlik elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin ən maraqlı və perspektiv istiqamətlərindən biri iridodiaqnostika və iridoterapiya problemi olmuşdur. İridodiaqnostika çox dəyərli bir ekspress üsuludur. Bu istiqamətdə aparılmış elmi axtarışların nəticəsi kimi tayı olmayan "İridodiaqnostikanın əsasları” və "İridodiaqnostika” monoqrafiyasını yazmışdır.

1960-cı ildə Z.Ə.Əliyeva Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında əvvəl assistent, sonra professor və 1982-ci ildə kafedra müdiri vəzifəsinə seçilmişdir.

Oftalmologiyanın elə bir sahəsi yoxdur ki, Zərifə xanım orada sanballı sözlərini, fikirlərini söyləməsin. Onun çox miqdarda dəyərli əsərləri, monoqrafiyaları gözün müxtəlif mənşəli xəstəliklərinə həsr olunub. Həmin əsərlər bu gün də həkimləri, Tibb Universitetinin tələbələrini bəhrələndirir, onların biliklərinin zənginləşməsinə kömək edir.

Peşə oftalmologiyasını, sənaye zəhərlənmələrinin, ekoloji faktorların görmə orqanlarına təsirini ilk dəfə hərtərəfli öyrənmək alimə böyük şöhrət gətirdi. Beynəlxalq mükafatlara layiq görüldü.

O, müxtəlif peşə zərərlərinin, o cümlədən toz, talk, his, kanifol kimi toksik amillərinin gözə təsirini öyrənmişdir. Bu tədqiqatlar respublikanın 10-dan çox sənaye müəssisələrində, məsələn, Bakı şin və yod, məişət kondisionerləri zavodlarında, Sumqayıt "Üzvi sintez” İstehsalat Birliyində və digər müəssisələrdə aparılmışdır.

Həmin klinik-eksperimental tədqiqatların nəticələrini Zərifə xanım 1976-cı ildə SSRİ Elmlər Akademiyasının Helmohlts adına ET Göz Xəstəlikləri İnstitutunda "Kimya sənayesinin bəzi müəssisələrinin işçilərində görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1979-cu ildə akademik Z.Ə.Əliyeva Azərbaycan Elmlər Akademiyasının Qarayev adına Fiziologiya İnstitutunda görmə üzvünün fiziologiyası və peşə patologiyası üzrə laboratoriya yaratmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu laboratoriyanın yaradılması dünyada ilk və unikal bir təcrübə nümunəsidir. Laboratoriya üç şöbədən ibarət idi: klinik, funksional-diaqnostik və cərrahi. Beləliklə, elmi-tədqiqat işi ilə yanaşı, laboratoriyada respublikanın iri sənaye müəssisələrinin işçilərinə lazımi müalicə yardımı göstərilirdi.

Kimya istehsalında görmə üzvünün profilaktikasına həsr olunmuş orijinal elmi əsərlərin çap edilməsi ilə əlaqədar 1981-ci ildə akademik Z.Ə.Əliyeva keçmiş Sovet İttifaqının Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatla təltif edilmişdir. Zərifə xanım bu yüksək mükafata layiq görülmüş ilk alim-qadın olmuşdur.

Görmə üzvünün peşə patologiyası problemləri ilə yanaşı, Z.Ə.Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində "Gözün və görmə sinirin yaşla əlaqədar dəyişiklikləri”, "Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, "İridodiaqnostika”, "Şəkərli diabet zamanı gözün patologiyası”, "Oftalmologiyanın aktual problemləri, "Terapevtik oftalmologiya” və başqa monoqrafiyalar çap etdirmişdir. Ümumiyyətlə, onun 200-ə qədər elmi işləri, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri vardır.

Zərifə xanım özündən sonra gələcək nəsillərə ərməğan qoyub getdiyi çox zəngin, çox qiymətli illər, keçdikcə daha da yüksək qiymətləndirilən sanballı tədqiqatları, elmi-tibbi, pedaqoji, ictimai irsi respublikamızdan çox-çox uzaqlarda olan ölkə alimlərinə yaxşı məlumdur.

Onun əvəzolunmaz əsərlərinin içərisində birini - "Yüksək əqidə, həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” adlı kitabı xüsusi dəyərləndirirəm. Bu kitab məndə elə böyük təəssürat yaratdı ki, onu Azərbaycan dilinə tərcümə etdim ki, insanlarımız faydalansınlar.

SSRİ məkanında keçən əsrin ortalarında ilk dəfə idi ki, belə bir əsər çap olunmuşdu. Bu fəlsəfi mənalı kitab təbabət ilə fəlsəfə arasında möhtəşəm bir körpü salmışdı. Zərifə xanım hamının diqqətini insan, həkim və tibb işçisinin mənəviyyatına yönəltmişdir.

Zərifə xanım yazır ki, bütün ixtisaslar yaxşıdır, cəmiyyət üçün xeyirlidir, lazımlıdır və hər birinin özünəməxsus xüsusiyyətləri, mənəvi tələbləri var. Lakin tibb sahəsində olan mütəxəssislər onlardan seçilir, öz münasibətlərinin, davranışlarının, təmasının konkret formalarında iz buraxırlar.

Zərifə xanımın böyüklüyü, vətənpərvərliyi ondadır ki, o, tarixi ədəbiyyatı araşdıraraq aydınlaşdırıb ki, XI əsrdə Azərbaycanda ilk mədrəsə - ruhani məktəblər açılıb. Bu məktəblərdə ilahiyyat, təbabət öyrədilib və ruhani rütbəli şəxslər, təbiblər hazırlanıb. Çox əsrlər bundan əvvəl olmasına baxmayaraq, heç deməyəsən, bu məktəbin tam formalaşmış təhsil sistemi var imiş. Burada ruhani doktrinalarla yanaşı, müasir elm sahələri - astronomiya, riyaziyyat, məntiq, fəlsəfə ilə bərabər təbabət elmləri də öyrənilirdi. Bu isə Azərbaycanda təhsilin və xüsusilə elmin inkişafında çox böyük əhəmiyyət kəsb edir.

XII əsrdə Azərbaycanda Şamaxı şəhəri yaxınlığında Məlhəm adlı ərazidə əsl tibb məktəbi yaranır. Burada bütün Şərqdə məşhur olan həkim və əczaçı Ömər Osman oğlu çox fəal tibb kadrları hazırlayırdı.

Zərifə xanım sevincini gizlətmədən iftixarla söyləyirdi ki, Ömər Osman oğlunun "Dər-ər-Şəfa” Sağaltma Evi kimi müvəffəqiyyətlə fəaliyyət göstərən universitetdə 5-7 min tələbə təhsil alırdı. Universitetdə 200-ə yaxın görkəmli azərbaycanlı alim və müəllimlər mühazirə oxuyurdular. Buraya böyük həvəslə İrandan və Hindistandan, Çindən və Suriyadan, Misirdən və Orta Asiyadan alimlər gəlirdilər. Azərbaycanın qədim paytaxtı xarici alimləri təkcə öz zənginliyi və var-dövləti ilə deyil, eyni zamanda məhsuldar, səmərəli elmi işlər aparmaq imkanı ilə cəlb edirdi: "Dər-ər-Şəfa” geniş elm, təhsil və tibbi şəbəkəyə malik idi. Eyni zamanda möhtəşəm rəsədxananı özündə cəlb etmişdir. Hələ o zaman onun kitabxanasının rəflərində 60 minə qədər çox qiymətli əlyazması qorunurdu.

Zərifə xanım bu kitabında insanlara, xüsusilə həkimlərə mühüm, əvəzsiz tövsiyələr verir.

Akademik Zərifə Əliyeva böyük ictimai işlər də aparırdı. O, "Azərbaycan Sülhü Müdafiəsi Komitəsinin” sədr müavini, "Bilik” Ümumdünya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Ümumdünya Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, "Vestnik oftalmoloqii” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Zərifə Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, orden və medallarla təltif edilməsi olmuşdur.

2001-ci ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna akademik Zərifə Əliyevanın adı verilmişdir.

Zərifə xanım bütün həyatını, fəaliyyətini tibb elminin inkişafına həsr etmiş, Azərbaycan oftalmologiyasının əsl fədaisi olaraq dünyada onun tanınmasında taledaşıyan rol oynamışdır. Onun vətən oftalmologiyasının inkişafında qiymətəgəlməz xidmətləri çoxdur. Onlardan biri 1977-ci ildə Bakıda yeni Oftalmologiya Mərkəzinin tikintisi haqqında irəli sürülmüş təşəbbüsü idi. Hazırda həmin arzu artıq həyata keçib və mərkəz respublika əhalisinə müasir səviyyədə xidmət göstərir.

Vətənpərvərlik, novatorluq, sadəlik akademik Zərifə xanım Əliyevaya ölkəmizdə və bütün dünyada oftalmoloqların və pasiyentlərin hörmətini və məhəbbətini, Azərbaycan xalqının etimadını qazandırmışdır.

Aprelin 15-də Zərifə xanımın vəfatından 34 il ötəcək. Qəfil ölüm yalnız onun əzizləri üçün deyil, bütün xalqı üçün böyük itki olmuş və bu ağrı indiyədək qəlbləri göynədir. Akademik Zərifə xanım Əliyeva sözün həqiqi mənasında İNSAN olmuşdur. Onun həyatı bizim üçün əbədi nümunə qalacaqdır, xatirəsi ürəyimizdə həmişə əziz tutulacaqdır.

Adilə Namazova, Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik

"Azərbaycan" qəzeti, 14 aprel 2019-cu il

  • Paylaş: