www.science.az
12.04.2019 14:24

Azərbaycan və Orta Ural ərazilərinin fauna müxtəlifliyinin müqayisəli tədqiqatına başlanılacaq

AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Ural dairəsi ilə Azərbaycan ərazilərinin bioloji müxtəlifliyinin, Xəzər hövzəsi çaylarının hidrofaunasının müqayisəli analizinin tədqiqi və birgə əməkdaşlıq müqaviləsinin imzalanması məqsədilə Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunda elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində Bitki və Heyvanların Ekologiyası İnstitutunun ov heyvanlarının ekologiyası laboratoriyası tərəfindən Zoologiya İnstitutuna “Qafqaz və Ural dağlarının müxtəlif meşə örtüyündə məməlilərin fauna tərkibinin təhlili və fauna müxtəlifliyinə təsir edən amillərin axtarışı”, “Qafqaz və Ural dağ ekosistemlərində məməlilərin növdaxili strukturu” istiqamətlərində tədqiqatlar aparılması təklif edilib.

Bununla yanaşı, təklif edilən istiqamətlər sırasında “Ural və Azərbaycanın müxtəlif təbii zonalarında vulpes tülkü növünün morfoloji xüsusiyyətlərinin müqayisəli xarakteristikası. İqlim dəyişkənliyinin tülkünün morfologiyasına təsiri. Tülkünün xronoqrafik dəyişkənliyinin tədqiqi”, “Amerika yenotunun Şimali Amerika növünün və yenotabənzər itin Uzaq Şərq növünün invaziv populyasiyalarının morfoloji və genetik xüsusiyyətləri”, “Meşə dələsi, daşlıq dələsi, adi vaşaqın Qafqaz yarımnövlərinin yayılması və coğrafi dəyişməsi”, “Avrasiyanın dırnaqlılarının müasir genetik müxtəlifliyinin formalaşmasında Qafqazın və Zaqafqaziyanın rolu” məsələləri də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.