Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.04.2019 15:56
  • A-
  • A
  • A+

Kimya Elmləri Bölməsinin qarşısında duran vəzifələr müzakirə olunub

Kimya Elmləri Bölməsinin qarşısında duran vəzifələr müzakirə olunub

Aprelin 11-də AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda Kimya Elmləri Bölməsinin (KEB) ümumi iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, KEB-in akademik-katibi v.i.e., akademik Vaqif Fərzəliyev və büro üzvləri iştirak ediblər.

İclasda V.Fərzəliyev "2019 və sonrakı illərdə Kimya Elmləri Bölməsinin qarşısında duran vəzifələr"ə dair məruzə ilə çıxış edib. O, bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı ilə əlaqədar AMEA Rəyasət Heyəti tərəfindən KEB-ə müəyyən tapşırıqların verildiyini söyləyib.

Qeyd edib ki, sözügedən tapşırıqlarda kimyəvi və texnoloji proseslərin tədqiqində riyazi modelləşmə və informasiya texnologiyalarının geniş istifadəsi, bölmənin institutlarında riyazi kimyanın inkişaf konsepsiyasının hazırlanması, elmtutumlu texnologiyaların işlənilməsinə diqqətin artırılması, beynəlxalq təşkilatların qrant müsabiqələrinə təqdim edilən layihələrin rəqabət qabiliyyətinin artırılması yer alıb. Bundan əlavə, elm və təhsilin inteqrasiyası istiqamətində layihələrin yerinə yetirilməsi, “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayının artırılması, eləcə də elmin populyarlaşdırılmasına xidmət edən tədbirlərin təşkili tapşırılıb.

V.Fərzəliyev ölkə iqtisadiyyatının əsas sektorları üzrə Strateji yol xəritələrində qoyulmuş vəzifələrin icrası üzrə Rəyasət Heyəti tərəfindən AMEA-nın 2019-2020-ci illərə dair Tədbirlər Planının təsdiq edildiyini də diqqətə çatdırıb. O, Tədbirlər Planında AMEA institutlarında qabaqcıl ali məktəblərin baza kafedralarının yaradılması təcrübəsinin təkmilləşdirilməsi, alimlərin mövcud dərsliklərin ekspertizası, yeni tədris proqramları, dərslik və dərs vəsaitlərinin yazılmasında, habelə test və imtahan tapşırıqlarının hazırlanmasında iştirakının genişləndirilməsi kimi məsələlərin yer aldığını vurğulayıb.

AMEA-nın magistraturasında təhsilin keyfiyyətinin yüksəldilməsi və biliklərin qiymətləndirilməsi üçün müasir informasiya vasitələrindən istifadənin genişləndirilməsinin də hədəfləndiyini deyən məruzəçi magistrantların innovativ elmi tədqiqat işlərinə cəlb edilməsinin zəruriliyini bildirib.

Alim "Nanotexnologiyalar və nanostrukturlar", "Kataliz və yeni materiallar kimyası" və "Neft kimyası və üzvi sintez"in 2020-2025-ci illərdə kimya üzrə aparılacaq elmi tədqiqatların prioritet istiqamətləri olduğunu söyləyib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Dilqəm Tağıyev, Vaqif Abbasov, Abel Məhərrəmov, Adil Qəribov, Əjdər Məcidov, AMEA-nın müxbir üzvləri - Məhəmməd Babanlı, Bəxtiyar MəmmədovHafiz Əlimərdanov çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: